MÜSİAD Azərbaycanla əməkdaşlıq tələbələr üçün təcrübə, məzunlar üçün iş imkanları yaradacaq

MÜSİAD Azərbaycanla əməkdaşlıq tələbələr üçün təcrübə, məzunlar üçün iş imkanları yaradacaq

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycanın qeyri-hökumət təşkilatının İdarə Heyətinin, həmçinin Təhsil, Mədəniyyət və Planlama Komissiyasının üzvləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova MÜSİAD Azərbaycanın İdarə Heyətinin rəhbəri Rəşad Cabirlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Rəşad Cabirli rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib. Bildirib ki, 1990-cı ildə İstanbulda qurulan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi sosial, mədəni, siyasi, iqtisadi, elmi və texnoloji inkişafa töhfə vermək üçün yaradılıb. 73 fərqli ölkədə, ümumilikdə 169 məntəqə ilə xidmət edən və 13.000 üzvü özündə birləşdirən təşkilat bugünədək təxminən 2 milyon şəxsə iş imkanı yaradıb. Təşkilatın 2018-ci ildə yaradılan Azərbaycan bölməsində isə 5528 nəfərə iş imkanı yaradılıb.

Daha sonra AzMİU ilə MÜSİAD-ın əməkdaşlıq imkanları müzakirə olunub. Universitetlə MÜSİAD-a üzv şirkətlərlə əməkdaşlıq fəaliyyətlərinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Bundan əlavə, tələbə və gənclərin iş həyatına inteqrasiyasını prioritet hesab edən Gənc MÜSİAD-ın bu istiqamətdə fəaliyyətinin önəmi qeyd olunub, proqram üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Rektor professor Gülçöhrə Məmmədova Dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinə, bu tərəfdaşlıqla məzunların iş, tələbələrin təcrübə imkanlarının artırılması və istehsalatın kadr hazırlığına yönəlik tələblərinin öyrənilməsi baxımından əhəmiyyətinə diqqət çəkərək əməkdaşlığın faydalı ola biləcəyini qeyd edib.

Müzakirələrdən sonra əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin inkişaf etdirilməsi üçün AzMİU və MÜSİAD Azərbaycan arasında işçi qrupun yaradılması qərara alınıb.