Son dəqiqə

Azərbaycan Türkiyə Milli Məclis Əli Əsədov Sahibə Qafarova Bakı MÜSİAD Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumu Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyası Cövdət Yılmaz

Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müzakirə ediləcəyi Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının 12-ci dövr toplantısı 22–23 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində keçiriləcək.

TurkicWorld xəbər verir ki, toplantıya Türkiyə tərəfindən Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cövdət Yılmaz, Azərbaycan tərəfindən isə Baş nazir Əli Əsədov həmsədrlik edəcəklər.

Təkbətək və nümayəndə heyətləri arasında aparılacaq görüşlərdə iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımların müzakirə olunması, eləcə də ticarətin asanlaşdırılmasına dair məsələlərin nəzərdən keçirilməsi gözlənilir.

Proqram çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, işgüzar dairələrin bir araya gətirilməsi və birgə investisiya imkanlarının genişləndirilməsi məqsədilə II Türkiyə-Azərbaycan İnvestisiya Forumu da təşkil olunacaq. Forumda Türkiyədən vitse-prezident Cövdət Yılmaz və ticarət naziri Ömər Bolatın, Azərbaycandan isə Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı planlaşdırılır. Eyni zamanda "MÜSİAD Azərbaycan”ın baş assambleyası çərçivəsində türk və azərbaycanlı iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Vitse-prezident Cövdət Yılmazın Bakı səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüş keçirməsi gözlənilir.

Türkiyə uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yer alır. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard ABŞ dolları, Azərbaycandan idxalı isə 4,8 milyard ABŞ dolları təşkil edib. Türkiyə Azərbaycanın ixrac etdiyi ölkələr arasında ikinci, idxalında isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycandakı türk investisiyalarının həcmi təxminən 18 milyard ABŞ dolları, Türkiyədəki Azərbaycan investisiyaları isə təxminən 21 milyard ABŞ dolları səviyyəsindədir. Azərbaycanda təxminən 7 min türk kapitallı şirkət fəaliyyət göstərir, Türkiyədə isə Azərbaycan kapitallı təxminən 3 min 100 şirkət mövcuddur. Türk podratçı şirkətləri bu günədək Azərbaycanda ümumi dəyəri 21,1 milyard ABŞ dolları olan 558 layihə həyata keçiriblər.

Qarışıq İqtisadi Komissiyanın 12-ci dövr toplantısı çərçivəsində imzalanması planlaşdırılan Qarışıq İqtisadi Komissiyanın Protokolu və Fəaliyyət Planı ilə ticarətdən enerjiyə, nəqliyyatdan səhiyyəyə, təhsildən mədəniyyətə qədər bir çox sahədə Türkiyə-Azərbaycan iqtisadi və ticarət əlaqələrinin yol xəritəsinin müəyyənləşdirilməsi hədəflənir. Keçiriləcək İnvestisiya Forumunun isə iki ölkənin işgüzar dairələri arasında əlaqələri gücləndirəcəyi və regional iqtisadi əməkdaşlığa töhfə verəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər