BAKI,TurkicWorld - cagri.az Müəllif RƏŞAD CABİRLİ
İnsan çox vaxt elə bilir ki, verən güclüdür, alan isə ehtiyac içindədir. Halbuki həyat öyrədir ki, bəzən verməyə ən çox ehtiyacı olan elə verənin özüdür. Çünki insan yalnız sahib olduqları ilə yaşamır; bəzən bölüşdükləri ilə tamamlanır.
“Bədən almaqla doyar, ruh isə verməklə” - deyir mütəfəkkir.
Bir yaxşılıq, bir xoş söz, vaxtında uzadılan bir əl, kiminsə dərdinə şərik olmaq… Bunlar yalnız qarşıdakına deyil, insanın öz daxilinə də toxunur, vicdanını rahatladır.
Amma yaxşılığın gözəlliyi onun qarşılıqsız olmasındadır. Əgər etdiyinin əvəzində təşəkkür, sədaqət, xidmət və ya hörmət gözləyirsənsə, artıq orada yaxşılıqdan çox hesab başlayır.
Yaxşılıq ticarət deyil.
Dünyada çox şey toplamaq mümkündür: pul, əmlak, mövqe, ad, imkan… Amma bunların heç biri insanın ruhunu tam doyurmur. Ruhun başqa ehtiyacları var:
Faydalı olmaq.
Paylaşmaq.
Kiminsə həyatında yaxşı bir iz buraxmaq.
Məncə, həyatda maddiyyatdan daha qiymətli bir sərvət də var: insan qazanmaq.
İnsan qazanmaq deyəndə ətrafına mümkün qədər çox adam yığmağı nəzərdə tutmuram. Mənim üçün bu, yol boyu tanıdığın insanların qəlbində yaxşı bir yer qazanmaq, münasibətləri asanlıqla silib atmamaq, dəyər verdiyin insanları bacardıqca qorumaqdır.
Çünki ən böyük itkilərdən biri də insan itkisidir.
Ona görə bir münasibət əvvəlki kimi davam etmədikdə, insanı birdəfəlik həyatımdan silməkdənsə, onun yerini dəyişməyə çalışıram. Hər kəs əvvəlki qədər yaxın qalmalı deyil. Bəzən məsafə dəyişməlidir.
Amma bir insanla yolları ayırmaq olar, onunla yaşanmış tarixi isə silmək olmaz. Birlikdə keçən zaman, paylaşılan xatirələr, yaxşı və pis günlər artıq həyat hekayənin bir hissəsidir. Söhbətlər seyrələ, yollar ayrıla, münasibətin forması dəyişə bilər. Amma yaşanmış olan yaşanmışdır.
Bəlkə də həyat bir az da “dərdini sev”dir, “tarixini sev”dir.
Dərdini sevmək ağrını sevmək deyil; onun səni necə dəyişdirdiyini, sənə nə öyrətdiyini qəbul etməkdir.
Tarixini sevmək isə keçmişdə qalan hər şeyi geri istəmək deyil; yaşadıqlarını, tanıdıqlarını, itirdiklərini və qazandıqlarını öz həyat hekayənin bir hissəsi kimi qəbul etməkdir.
Hər kəs həyatımızın ən yaxın yerində qalmalı deyil. Bəzən məsafə saxlamaq həm doğru, həm də zəruri olur. Amma məsafəni dəyişmək tarixi silmək demək deyil.
Zaman keçdikcə anlayırsan ki, həyatda əsl sərvət yalnız nə topladığın deyil, eyni zamanda; kimlərin qəlbində yaxşı iz qoyduğun, kimləri incitmədən məsafədə saxlaya bildiyin və hansı münasibətlərin tarixini hörmətlə daşıdığındır.
Yaxşılıq yaxşıdır.
Çünki maddə məna ilə güclənir.







