BAKI,TurkicWorld
Yaponiya Biznes Assosiasiyasının nümayəndə heyəti Azərbaycanla ticarət, investisiya və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
TurkicWorld xəbər verir ki, Yaponiya Biznes Assosiasiyasının (ROTOBO) nümayəndə heyəti MÜSİAD Azərbaycanın dərnək mərkəzini ziyarət edib.
Nümayəndə heyətinə Rusiya və MDB ölkələri üzrə İqtisadi Araşdırmalar İnstitutunun baş direktoru Takafumi Nakai, institutun tədqiqatçısı Yuka Osumi və yapon-ingilis, yapon-rus dilləri üzrə tərcüməçi İvan Kopitov daxil olub.
Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, idarə heyətinin üzvləri və dərnək nümayəndələri iştirak ediblər.
Fuat Kayhan görüş zamanı MÜSİAD Azərbaycanın fəaliyyəti, üzvlərə təqdim olunan xidmətlər, həyata keçirilən layihələr və gələcək hədəflər barədə məlumat verib.
O, Azərbaycanın əlverişli investisiya mühiti, strateji coğrafi mövqeyi və beynəlxalq ticarət imkanlarından danışaraq, Yaponiya ilə iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Takafumi Nakai isə ROTOBO-nun fəaliyyəti haqqında məlumat verib və Azərbaycanla Yaponiya arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinin önəmini qeyd edib.
Görüş zamanı tərəflər sənaye, innovasiya, investisiya və ticarət sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib, gələcək birgə layihələrin həyata keçirilməsi üçün əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.







