BAKI,TurkicWorld
Oman sultanı Heysəm bin Tariq Əbu-Dabinin hakiminin müavini və BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanla Maskatda görüşüb.
TurkicWorld xəbər verir ki, görüşdə Oman və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər, sürətlə dəyişən regional proseslər və gərginliyin azaldılması istiqamətində görülə biləcək tədbirlər müzakirə olunub.
Tərəflər balanslaşdırılmış diplomatik səylərin davam etdirilməsi, koordinasiya və məsləhətləşmələrin gücləndirilməsi vasitəsilə region ölkələrinin təhlükəsizliyinin və maraqlarının qorunmasının vacibliyini qeyd ediblər.
Danışıqlar zamanı müxtəlif sahələr üzrə qarşılıqlı maraq doğuran məsələlərə də toxunulub. Oman və BƏƏ arasında əməkdaşlığın genişləndirilməsi, iki ölkənin ortaq maraq və məqsədlərinin irəlilədilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüş regionda davam edən gərginliyin Hörmüz boğazında gəmiçilik, eləcə də neft və digər məhsulların təchizatına təsirlərinin diqqət mərkəzində olduğu bir dövrdə keçirilib.







