BAKI,TurkicWorld
Bakıda Bakı Ekspo Mərkəzində "ADEX 2026" sərgisinin ikinci günü başlayıb.
Trend-in sərgidəki müxbiri xəbər verir ki, bu il "ADEX" iştirakçı şirkətlərin sayına görə rekord müəyyənləşdirib.
"ADEX" və "Securex Caspian" sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Bununla əlaqədar olaraq, məhz "ADEX 2026" sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib.
Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.
Bu il ABŞ-nin "ADEX 2026"da fəal iştirakı xüsusi diqqət çəkir. "Northrop Grumman", "SIG SAUER", "Lockheed Martin", "Vantor" və "Ondas" kimi nüfuzlu ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunur. Almaniyadan "Rheinmetall" və "Rohde & Schwarz", Böyük Britaniyadan isə "BAE Systems" və digər şirkətlər debüt edir. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkədir.
Dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan "ADEX" ənənəvi olaraq müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. "ADEX 2026" sərgisində 39 ölkədən 59 xarici nümayəndə heyəti iştirak edir.
"ADEX 2026"nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.
Oktyabrın 2-dək davam edəcək sərgidə Qafqaz regionunun iri hərbi-texnoloji platformalarından olan sərgidə müasir hərbi texnologiya və avadanlıqlar, eləcə də Azərbaycanın müdafiə sənayesi kompleksinin imkanları nümayiş etdirilir. Eyni tarixlərdə Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi – "Securex Caspian" da təşkil olunub.







