Son dəqiqə

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabi BƏƏ Konqres

Baş Prokurorluğun nümayəndələri BMT konqresi çərçivəsində keçirilən tədbirdə iştirak ediblər (FOTO)

BAKI,TurkicWorld

Azərbaycan Baş Prokurorluğunun nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresi çərçivəsində keçirilən tədbirdə iştirak ediblər.

Baş Prokurorluğun məlumatına görə, Azərbaycan nümayəndə heyətinin tərkibində qurumun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadə yer alıblar.

Konqres çərçivəsində cinayətkarlığın yeni formalarına qarşı mübarizə, mütəşəkkil cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sistemlərinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Baş Prokurorluğun məlumatına görə, sentyabrın 27-də qurumun, BƏƏ Daxili İşlər Nazirliyinin və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin birgə təşkilatçılığı ilə ətraf mühitə təsir edən cinayətlərə həsr olunmuş xüsusi tədbir keçirilib. İştirakçılar vəhşi təbiətə və meşələrə qarşı cinayətlər, qanunsuz mədən hasilatı, tullantıların qanunsuz dövriyyəsi, çirklənmə və balıqçılıq sahəsində hüquq pozuntuları ilə mübarizəni müzakirə ediblər.

Tədbirdə çıxış edən Vüqar Əliyev bu cinayətlərin transmilli xarakter daşıdığını bildirib. O, dövlətlər və beynəlxalq təşkilatlar arasında praktiki əməkdaşlığın genişləndirilməsini, hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsini və müasir texnologiyalardan istifadəni vacib sayıb.

Sonda ətraf mühitə təsir edən cinayətlərə qarşı beynəlxalq əməkdaşlığın artırılmasını nəzərdə tutan könüllü "Əbu-Dabi Fəaliyyətə Çağırışı 2026" təşəbbüsü təqdim edilib.

Mövzuya görə xəbərlər