Son dəqiqə

ABŞ Donald Tramp miqrasiya H-1B vizası İş vizası

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Trampın administrasiyası H-1B vizası da daxil olmaqla bəzi müvəqqəti iş vizalarına sahib əcnəbilərin işlərini itirdikdən sonra ölkədə 60 gün qalmasına imkan verən möhlət müddətinin ləğvini təklif edib. Mövcud qayda həmin şəxslərə ABŞ-da qalaraq yeni işəgötürən tapmaq və viza himayədarını dəyişmək imkanı verir.

TurkicWorld xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Federal Reyestrdə dərc etdiyi təklif qüvvəyə minərsə, H-1B və bəzi digər müvəqqəti iş vizalarının sahibləri əmək münasibətləri başa çatan kimi ABŞ-ni tərk etməli olacaqlar.

Dəyişiklik xüsusilə xaricdən yüksək ixtisaslı mütəxəssislərin əməyindən geniş istifadə edən ABŞ texnologiya şirkətlərinə təsir göstərə bilər. Hazırkı 60 günlük müddət işdən çıxarılan əcnəbi mütəxəssislərə yeni iş yeri taparaq ölkədə qanuni statuslarını qorumaq imkanı yaradır.

Daxili Təhlükəsizlik Nazirliyi təklif olunan qaydanın bəzi şirkətlərin fəaliyyətində müəyyən çətinliklər yarada biləcəyini etiraf edib. Bununla belə, qurum boşalan iş yerlərinin uyğun ixtisasa malik ABŞ vətəndaşları tərəfindən doldurula biləcəyini bildirir.

Nazirliyin açıqlamasına əsasən, şirkətlər ya həmin vəzifələri eyni ixtisasa malik amerikalı işçilərə təklif edə, ya da ehtiyac yarandıqda əcnəbi mütəxəssis üçün yenidən müvafiq müraciət prosesinə başlaya bilərlər.

Təklif Donald Trampın 2025-ci ilin yanvarında yenidən hakimiyyətə qayıtmasından sonra qanuni miqrasiyanın məhdudlaşdırılması istiqamətində atdığı növbəti addımlardan biridir. Administrasiya bundan əvvəl yüksək ixtisaslı xarici işçilərlə bağlı viza ödənişlərini artırıb və yeni hazırlıq proqramının tətbiqi ilə əlaqədar dünyanın bir sıra ölkələrində immiqrasiya vizası görüşlərini müvəqqəti dayandırıb.

Yeni qayda hələ təklif mərhələsindədir və qüvvəyə minməyib.

Mövzuya görə xəbərlər