BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin Vəqflər və İslam İşləri Nazirliyi “Qətər Quranı” rəqəmsal tətbiqinin yenilənmiş versiyasını istifadəyə verib. Yeni versiyada Qurani-Kərimin öyrənilməsi, əzbərlənməsi və dərk edilməsini asanlaşdıran süni intellekt əsaslı funksiyalar təqdim olunub.
TurkicWorld xəbər verir ki, yenilənmiş tətbiq nazirliyin rəqəmsal transformasiya strategiyası və Qətərin 2030-cu il Milli Vizyonunun məqsədlərinə uyğun olaraq hazırlanıb.
Tətbiqin əsas yeniliklərindən biri “Ağıllı Quran köməkçisi”dir. Bu funksiya istifadəçilərə ayələrin mənalarını axtarmağa, təfsir tələb etməyə və Quranla bağlı suallara sürətli cavablar almağa imkan verir.
Yeni versiyada Quranın əzbərlənməsi və təkrarlanması üçün də xüsusi sistem yaradılıb. İstifadəçilər ayə-ayə irəliləyişlərini izləyə, təkrar planları hazırlaya və əldə etdikləri nəticələri nəzarətdə saxlaya bilirlər.
Tətbiqdə geniş səsli oxunuş və təfsir kitabxanası da yer alır. Burada İslam dünyasının tanınmış qiraətçiləri, eləcə də Qətərli qiraətçilər tərəfindən Quranın tam oxunuşlarına qulaq asmaq mümkündür.
Bundan başqa, tətbiqdə Təbəri, İbn Kəsir və Qurtubi kimi məşhur alimlərin Quran təfsirləri təqdim olunur. Bu materialların Quran mətninin daha dərindən öyrənilməsinə və dərk edilməsinə xidmət etdiyi bildirilir.
Tətbiqin digər imkanları arasında rəqəmsal təsbeh, qiblənin istiqamətini müəyyənləşdirmə və növbəti namaz vaxtına qədər qalan müddəti göstərən ağıllı interfeys də var.
Yenilənmiş versiyada “Qətər Quranı”nın tarixini və inkişaf mərhələlərini əks etdirən xüsusi bölmə də yaradılıb. Burada layihənin ilkin ideyasından mətnin yazılması, yoxlanılması, çapı və istifadəyə verilməsinə qədər keçdiyi mərhələlər barədə məlumat təqdim olunur.
Vəqflər və İslam İşləri Nazirliyinin İslam İşləri üzrə nazir müavini, “Qətər Quranı” Komitəsinin sədri Xalid Şahin Əl-Qənəm bildirib ki, yenilənmiş tətbiqin istifadəyə verilməsi Qurani-Kərimlə bağlı rəqəmsal xidmətlərin inkişaf etdirilməsi və etibarlı maarifləndirici məzmunun təqdim olunması istiqamətində görülən işlərin tərkib hissəsidir.
O qeyd edib ki, tətbiq müasir texnoloji standartlar əsasında hazırlanıb və istifadəçilər üçün daha rahat və səmərəli imkanlar yaratmaq məqsədi daşıyır.






