Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı Yaxın Şərq İtamar Ben Qvir Fələstinlilərin köçürülməsi iddiasına Somalilanddan rəsmi cavab

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında yaşayan təxminən 2 milyon fələstinlinin yeddi il ərzində köçürülməsini nəzərdə tutan plan təqdim edib. Plan fələstinlilərin “könüllü köçü” adı altında ərazidən çıxarılmasını və bunun üçün xüsusi dövlət mexanizminin yaradılmasını nəzərdə tutur.

TurkicWorld xəbər verir ki, İsrailin “Kanal 14” telekanalının məlumatına görə, Ben-Qvirin rəhbərlik etdiyi “Yəhudi Gücü” partiyası “Ayrılma 710” adlandırılan plan hazırlayıb. Sənəddə ilk il ərzində 250 min, üç il ərzində 1,1 milyon, yeddi il ərzində isə təxminən 1,9 milyon Qəzza sakininin köçürülməsi hədəflənir.

Planın əsas hissələrindən biri ayrıca “Köç Nazirliyi”nin yaradılmasıdır. Bu qurumun ayrıca büdcəsi, naziri və beynəlxalq danışıqlar aparacaq strukturu nəzərdə tutulur.

“Yəhudi Gücü” partiyası gələcək hökumətdə iştirak üçün bu nazirliyin yaradılmasını əsas və dəyişməz tələblərindən biri kimi təqdim edib.

Məlumata görə, ilkin hazırlıq mərhələsində mümkün istiqamətlər sırasında Türkiyə, Efiopiya, Konqo Demokratik Respublikası və bəzi ərəb ölkələrinin adları nəzərdən keçirilib.

Plan çərçivəsində köçürüləcək şəxslər üçün səfər, yaşayış yeri və peşə hazırlığı xərclərini əhatə edən dəstək paketlərinin hazırlanması nəzərdə tutulur. Bu yardımların iki ilədək müddət üçün İsrail dövləti və beynəlxalq tərəfdaşlar tərəfindən maliyyələşdirilməsi təklif olunur.

Fələstin tərəfi və bir sıra beynəlxalq qurumlar bu cür təşəbbüsləri məcburi köçürülmə təhlükəsi kimi qiymətləndirir. Beynəlxalq humanitar hüquqa əsasən, işğal olunmuş ərazilərdə mülki əhalinin zorla köçürülməsi qadağandır.

Mövzuya görə xəbərlər