Son dəqiqə

ABŞ Donald Tramp Süni intellekt Pit Heqset Anthropic ABŞ Müdafiə Nazirliyi Hovard Latnik

Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin ticarət naziri Hovard Latnik süni intellekt sahəsində fəaliyyət göstərən “Anthropic” şirkətinin Donald Tramp administrasiyası ilə münasibətlərinin yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, tərəflər arasında əvvəl yaranmış ciddi fikir ayrılıqlarından sonra şirkət yenidən administrasiyanın etimadını qazanıb.

TurkicWorld xəbər verir ki, Hovard Latnik “Anthropic”in administrasiyanın tələblərini yerinə yetirdiyini və hazırda münasibətlərin əvvəlki dövrlə müqayisədə yaxşılaşdığını deyib. Nazir şirkətə yenidən etimad göstərildiyini vurğulayıb.

Açıqlama ABŞ məhkəməsinin “Anthropic” ilə ölkənin hərbi rəhbərliyi arasındakı mübahisədə şirkətin xeyrinə qərar verməsindən bir neçə gün sonra səsləndirilib. Federal hakim Pentaqonun şirkətə qarşı tətbiq etdiyi məhdudiyyətlə bağlı mövqeyini qəbul etməyib.

Tərəflər arasında əsas fikir ayrılığı süni intellektin hərbi məqsədlərlə istifadəsinin sərhədləri ilə bağlı yaranmışdı. ABŞ-nin müdafiə naziri Pit Heqset “Anthropic”in bəzi hərbi müqavilələrdə iştirakını məhdudlaşdırmışdı.

Buna səbəb şirkətin “Klod” süni intellekt sistemlərinin ölkə daxilində müşahidə fəaliyyəti və insan müdaxiləsi olmadan hədəfi müəyyənləşdirib zərbə endirə bilən silahlarda istifadəsinə razılıq verməməsi olmuşdu. “Anthropic” bundan sonra Kaliforniya məhkəməsinə müraciət etmişdi.

Son açıqlamalar Vaşinqtonla şirkət arasındakı münasibətlərdə yumşalmanın baş verdiyini göstərir. Bununla belə, süni intellektin hərbi məqsədlərlə istifadəsinə dair əvvəlki fikir ayrılıqlarının tam həll olunub-olunmadığı hələ aydın deyil.

Mövzuya görə xəbərlər