BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Ədliyyə Nazirliyi HƏMAS-a göndərilməsi nəzərdə tutulduğu iddia edilən 560 min dollardan çox rəqəmsal vəsaitin Federal Təhqiqat Bürosu tərəfindən müsadirə edildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, əməliyyat HƏMAS-ın maliyyə toplama imkanlarının qarşısının alınması məqsədilə həyata keçirilib.
TurkicWorld xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi məhkəmənin icazəsi əsasında HƏMAS-ın maliyyə toplamaq və tərəfdar cəlb etmək üçün istifadə etdiyi iddia olunan internet ünvanları, rabitə vasitələri və xidmət göstərən qurğular üzərində də nəzarətin ələ keçirildiyini bildirib.
Nazirliyin açıqlamasına görə, araşdırma zamanı HƏMAS-la əlaqəli olduğu bildirilən qapalı rabitə qrupunda tərəfdarlar maliyyə toplamaq üçün yaradılmış səhifəyə yönləndirilib. İanə vermək istəyən şəxslərə mütəmadi dəyişdirilən rəqəmsal pul ünvanlarının təqdim edildiyi iddia olunur.
ABŞ tərəfi araşdırma çərçivəsində HƏMAS-a rəqəmsal və ənənəvi vasitələrlə pul göndərmək və ya buna cəhd etmək məqsədilə təşkilatla əlaqə saxladığı bildirilən minlərlə şəxs haqqında məlumat əldə edildiyini də açıqlayıb.
Federal Təhqiqat Bürosu 560 min dollardan çox rəqəmsal vəsaitlə yanaşı, maliyyə toplama fəaliyyətində istifadə edildiyi bildirilən internet infrastrukturlarının da ələ keçirildiyini bəyan edib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, araşdırma davam etdirilir.







