Son dəqiqə

İran ABŞ Hörmüz boğazı ABŞ hərbi bazası ABŞ–İran qarşıdurması ABŞ-nin İrana hücumları

Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə qarşı “genişmiqyaslı və güclü” hücumların davam etdiyini bildirib. Tramp hərbi əməliyyatların İranın bölgədəki son addımlarına cavab olaraq həyata keçirildiyini iddia edib.

TurkicWorld xəbər verir ki, Donald Tramp ABŞ hücumlarının İranın Hörmüz boğazına dəniz minaları yerləşdirmək cəhdinə və İordaniyadakı ABŞ hərbi bazasına səkkiz raket atmasına cavab olduğunu bildirib. ABŞ Prezidentinin iddiasına görə, İranın atdığı səkkiz raketin hamısı zərərsizləşdirilib.

Tramp Hörmüz boğazında hazırda mina olmadığını da iddia edib. Onun sözlərinə görə, boğazdakı minalar tamamilə təmizlənib və ya partladılaraq zərərsizləşdirilib.

ABŞ Prezidenti İranın davam edən hücumlara cavab verməməsi barədə sərt xəbərdarlıq edib. O bildirib ki, Tehran hərbi cavab verərsə, ABŞ daha güclü və daha genişmiqyaslı zərbələr endirəcək.

Tramp ABŞ-nin bundan da böyük hərbi hücum imkanına malik olduğunu söyləyib. O, belə bir hücumun həyata keçirilməsi halında İran İslam Respublikasının çox ağır nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

ABŞ Prezidentinin açıqlaması Vaşinqtonla Tehran arasında hərbi qarşıdurmanın kəskinləşdiyi və Hörmüz boğazı ətrafında gərginliyin artdığı bir vaxtda verilib.

Mövzuya görə xəbərlər