BAKI,TurkicWorld
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) "Şanxay beşliyi"ndən Avrasiyanın böyük hissəsini əhatə edən və dünya əhalisinin demək olar ki, yarısını birləşdirən iri beynəlxalq təşkilata qədər böyük yol keçib.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
"ŞƏT mahiyyət etibarilə fərqli, lakin ruhən vahid olan ölkələrin unikal palitrasını təşkil edir və müdaxilə etməmək, suverenliyə hörmət, qarşılıqlı etimad, açıqlıq və əməkdaşlıq prinsiplərini praktikada təcəssüm etdirir. Bu gün bu, həqiqətən uğurlu, nüfuzlu və tələbat duyulan beynəlxalq strukturdur. Bununla belə, təşkilatımızın yaradıldığı dünya əhəmiyyətli dərəcədə dəyişib. Biz beynəlxalq münasibətlərin yeni arxitekturasının formalaşmasının şahidi olmuşuq", - deyə Tokayev bildirib.
Dövlət başçısı qeyd edib ki, konsolidasiya öz yerini parçalanmaya, əməkdaşlıq meyilləri geosiyasi rəqabətə, maraqlar balansının axtarışı isə parçalanma çatlarının dərinləşməsinə verir.
"Qarşılıqlı etimad səviyyəsi azalır və bu etimad olmadan hətta ən mükəmməl beynəlxalq institutlar da tədricən meydana çıxan çağırışlara səmərəli reaksiya vermək qabiliyyətini itirir. Belə bir şəraitdə təşkilatımızın özünün mahiyyəti xüsusi əhəmiyyət kəsb edir. ŞƏT hərbi-siyasi blokların məntiqindən kənarda fəaliyyət göstərir və heç bir dövlətə qarşı yönəlməyib. Təşkilat tamamilə fərqli siyasi fəlsəfəyə - əsasında tərəqqi naminə birgə fəaliyyət ideyalarının dayandığı "Şanxay ruhuna" söykənir. Əsas məqsədimiz güclü və firavan ŞƏT birliyinin qurulmasıdır", - deyə Tokayev bildirib.







