BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqı İran üzərində təzyiqi saxlamaq məqsədilə ABŞ və digər “Böyük yeddilik” ölkələri ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Avropa İttifaqı yaydığı bəyanatda İranın nüvə proqramını, ballistik raket proqramını məhdudlaşdırmalı və sabitliyi pozan fəaliyyətlərdən çəkinməli olduğunu bildirib.
Aİ İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə hərbi dəstək verməsini və öz əhalisinə qarşı repressiya siyasəti həyata keçirməsini də “sabitliyi pozan fəaliyyətlər” sırasında qeyd edib.
Bəyanatda vurğulanıb ki, Avropa İttifaqı təhlükəsizlik maraqlarını qorumaq üçün zəruri hallarda əlavə tədbirlər görməyə hazırdır.
Aİ xüsusilə Hörmüz boğazında dəniz keçidlərinin azadlığının təmin edilməsinin vacibliyini qeyd edib və bu istiqamətdə mümkün addımların atılacağını bildirib.
Avropa İttifaqının açıqlaması ABŞ və müttəfiqlərinin Tehranla bağlı təzyiq siyasətini davam etdirdiyi bir vaxtda verilib.







