BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Hizbullahın Livanın cənubundakı İsrail qüvvələrinə doğru iki partlayıcı pilotsuz uçuş aparatı göndərdiyini bildirib. Hadisənin Əli Tahir yüksəklikləri ərazisində baş verdiyi qeyd olunur.
TurkicWorld xəbər verir ki, İsrail ordusunun açıqlamasına əsasən, hərbçilər pilotsuz uçuş aparatlarından birini atəş açaraq vurublar. İkinci aparatla isə əlaqənin itirildiyi və onun harada olduğunun məlum olmadığı bildirilib.
İsrail ordusu hadisə nəticəsində hərbçilər arasında ölən və ya yaralananın olmadığını açıqlayıb. Ordunun məlumatına görə, hər iki aparat İsrail qüvvələrinin Livanın cənubunda “təhlükəsizlik bölgəsi” adlandırdığı ərazidəki mövqelərinə istiqamətlənib.
İsrail ordusunun sözçüsü Hizbullahın bu ərazidə İsrail qüvvələrinə qarşı fəaliyyət göstərməsinə imkan verilməyəcəyini bildirib. O, ordunun hərbçilərə qarşı hücum cəhdlərinin qarşısını almaq üçün əməliyyatları davam etdirəcəyini vurğulayıb.
Hadisədən sonra İsrail ordusu Livanın cənubunda Hizbullaha aid olduğunu bildirdiyi obyektlərə zərbələr endirib. İsrail tərəfi zərbələrin Nəbatiyyə bölgəsindəki hərbi infrastruktur və silah anbarlarını hədəfə aldığını açıqlayıb.







