BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistan Silahlı Qüvvələrinin rəhbəri, feldmarşal Asim Munirin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri zamanı ABŞ tərəfindən İrana hər hansı təhdid xarakterli mesaj çatdırmadığı bildirilib. Bu barədə İranın danışıqlar heyətinə yaxın mənbə məlumat verib.
TurkicWorld xəbər verir ki, mənbə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqəti əks etdirmədiyini və Asim Munirin Tehran səfəri zamanı ABŞ-dən təhdid xarakterli mesaj gətirmədiyini bildirib.
“Bəzi kütləvi informasiya vasitələrinin yazdıqlarının əksinə olaraq, Asim Munir Tehrana səfəri zamanı ABŞ-dən heç bir təhdid mesajı və ya buna bənzər müraciət gətirməyib”, – mənbə bildirib.
Məlumata görə, Asim Munirlə keçirilən görüşlər zamanı İran tərəfi öz mövqeyini Pakistan nümayəndə heyətinə aydın şəkildə çatdırıb.
Tehran İslamabad anlaşma sənədində nəzərdə tutulan şərtlərə qayıdılmasını istəyib. İran tərəfinin diqqət çəkdiyi məsələlər arasında sənədin beşinci maddəsi də yer alıb.
Həmin maddənin Hörmüz boğazında sərbəst gəmiçilik, dəniz minalarının təmizlənməsi və ticarət gəmilərinin hərəkətinin idarə olunması məsələlərini əhatə etdiyi bildirilib.
İran mənbəsinin sözlərinə görə, Pakistan tərəfi Tehran görüşlərində irəli sürülən şərtləri ABŞ tərəfinə çatdırmağa çalışır.
Beləliklə, Pakistanın hazırkı səyləri Tehran və Vaşinqton arasında mövqelərin qarşılıqlı şəkildə çatdırılmasına və mümkün diplomatik anlaşma üçün zəmin yaradılmasına yönəlib.







