BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti milli valyutanın son dövrdə sürətlə dəyər itirməsinin müvəqqəti xarakter daşıdığını bildirib. Onun açıqlaması İran rialının son iki həftə ərzində dəyərinin təxminən 10 faizini itirdiyi bir vaxtda verilib.
TurkicWorld xəbər verir ki, Hemməti dövlət televiziyasında yayımlanan açıqlamasında valyuta bazarındakı mövcud dəyişikliklərin davamlı olmayacağını və məzənnədə yenidən sabitləşmənin mümkün olduğunu bildirib.
“Bu artımlar müvəqqətidir, yəni dəyişkəndir”, – Hemməti rialın xarici valyutalar qarşısında ucuzlaşmasına münasibət bildirərkən deyib.
İran rialı müharibənin ilk mərhələlərində kəskin dəyər itirmişdi. Son iki həftə ərzində isə milli valyutanın dəyərində əlavə olaraq təxminən 10 faizlik azalma qeydə alınıb.
Valyuta bazarındakı son təzyiqlər ABŞ-nin Tehrana qarşı yeni iqtisadi tədbirlər hazırladığı bir dövrə təsadüf edir. Vaşinqton İran üzərində iqtisadi təzyiqi daha da gücləndirəcəyini bəyan edib.
Hemməti İran iqtisadiyyatında yaranmış çətinliklərin əhəmiyyətli hissəsini ABŞ-nin “siyasi təbliğatı” ilə əlaqələndirib. Onun fikrincə, xarici təzyiq və bunun yaratdığı gözləntilər valyuta bazarındakı dalğalanmalara təsir göstərir.
Mərkəzi Bankın rəhbəri mövcud vəziyyətin yaxşılaşacağına əmin olduğunu bildirib. “Əminəm ki, vəziyyət yaxşılaşacaq və problemlər həll olunacaq”, – Hemməti deyib.
İran rəsmisinin açıqlamasına baxmayaraq, rialın gələcək məzənnəsi ABŞ-nin gözlənilən yeni iqtisadi tədbirlərinin miqyasından, İranın xarici ticarət imkanlarından və ölkə daxilində valyutaya tələbatın səviyyəsindən də asılı olacaq.







