Son dəqiqə

Səudiyyə Ərəbistanı Yəmən Ər-Riyad Husilər Qırmızı dəniz Ədən körfəzi Yəhya Səri

İyulun 20-dən bəri Səudiyyə Ərəbistanının 48 neft gəmisinin keçidinə mane olmuşuq - Husilər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yəməndəki husi qüvvələrinin hərbi sözçüsü Yəhya Səri iyulun 20-dən etibarən Səudiyyə Ərəbistanına məxsus 48 neft gəmisinin hərəkətinə mane olduqlarını və səkkiz neft gəmisini hədəfə aldıqlarını iddia edib. O, husilərin Səudiyyə Ərəbistanının dəniz daşımalarına qarşı tətbiq etdikləri məhdudiyyətləri davam etdirəcəklərini bildirib.

TurkicWorld xəbər verir ki, Yəhya Səri husilərin üç əsas prinsip müəyyənləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, bunlar blokadaya blokada ilə cavab verilməsi, Səudiyyə Ərəbistanının hərbi qüvvələrinin cəmləşdiyi ərazilərə zərbələrin endirilməsi və Yəmənin suverenliyinin müdafiəsidir.

Səri bildirib ki, husilər iyulun 20-də Səudiyyə Ərəbistanının dəniz daşımalarına qadağa elan etdikdən sonra bu ölkəyə məxsus səkkiz neft gəmisini hədəfə alıblar. Onun iddiasına görə, gəmilərdən beşi Qırmızı dənizdə, üçü isə Ədən körfəzi və Ərəb dənizində hədəfə alınıb.

Husi sözçüsü eyni zamanda 48 Səudiyyə Ərəbistanı neft gəmisinin hərəkətinin qarşısının alındığını iddia edib. Sərinin sözlərinə görə, onlardan 34-ü Ərəb dənizi və Hind okeanında, 14-ü isə Qırmızı dənizdə geri qayıtmağa məcbur edilib.

Yəhya Səri husilərin Səudiyyə Ərəbistanı ərazisinə qarşı doqquz hərbi əməliyyat həyata keçirdiyini də bildirib. Onun sözlərinə görə, Yənbu, Nəcran, Cizan, Əbha və Səudiyyə Ərəbistanının Şərq bölgəsindəki neft təchizatı ilə bağlı obyektlər hədəfə alınıb.

Bundan əlavə, husilərin Ər-Rüveyk, Əl-Əbr, Əl-Vədiə, Marib və Əl-Məxa bölgələrində Səudiyyə Ərəbistanının hərbi qüvvələrinin cəmləşdiyi ərazilərə qarşı 14 əməliyyat keçirdiyi iddia olunub. Səudiyyə Ərəbistanı tərəfinin bu rəqəmləri təsdiqləyən açıqlaması barədə məlumat yoxdur.

Səri Ər-Riyada gərginliyi daha da artırmamaq barədə xəbərdarlıq edib. O bildirib ki, genişmiqyaslı hərbi addımlara eyni miqyasda cavab veriləcək.

Husi sözçüsünün sözlərinə görə, gərginliyin aradan qaldırılması üçün Səudiyyə Ərəbistanı blokadanı ləğv etməli, husilərin “təcavüz” adlandırdığı hərbi fəaliyyətə son qoymalı, əməkhaqlarının ödənilməsinə şərait yaratmalı və xarici qüvvələr Yəməndən çıxmalıdır. O, həmçinin Yəmənin təbii sərvətlərinin ölkə xalqının ixtiyarında qalmalı olduğunu bildirib.

Mövzuya görə xəbərlər