BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ və İran arasında iyunun 17-də imzalanmış və bazar ertəsi müddəti başa çatmış anlaşma müharibənin həlli istiqamətində danışıqların davam etdirilməsi üçün hələ də müəyyən əhəmiyyətə malikdir.
TurkicWorld xəbər verir ki, bunu Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin vitse-prezidenti Rəşid əl-Məhənnədi bildirib.
Ekspertin sözlərinə görə, anlaşmanın müddətinin başa çatması onun tamamilə əhəmiyyətini itirməsi demək deyil.
O bildirib ki, sənəd tərəflər arasında danışıqların davam etdirilməsi üçün əsas kimi istifadə oluna bilər və əvvəlcə həm ABŞ, həm də İran tərəfindən qəbul edilən bir sıra müddəaları özündə ehtiva edir.
Əl-Məhənnədi hesab edir ki, əsas problem İran daxilində Hörmüz boğazının gələcək statusu ilə bağlı vahid mövqenin olmamasıdır.
Onun sözlərinə görə, İranda Hörmüz boğazı ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
Bu yanaşmaların bir qismində İranın boğaz üzərində tam suverenlik və nəzarətə malik olması tələb edilir. Digər mövqeyə görə, regional razılaşma qəbul edilə bilər, daha yumşaq yanaşmada isə boğazdan danışıqlarda təzyiq vasitəsi kimi istifadə olunması nəzərdə tutulur.
Ekspertin fikrincə, məhz bu fikir ayrılıqları ABŞ və İran arasında razılaşmanın əldə olunmasını çətinləşdirən əsas məsələlərdən biridir.







