BAKI,TurkicWorld,Yusif Şərifzadə
Səudiyyə Ərəbistanında tarixdə ilk dəfə qadın diplomat baş konsul vəzifəsinə təyin olunub.
TurkicWorld xəbər verir ki, Vəfa bint Abdullah əl-Mərzuki ABŞ-ın Hyuston şəhərində yerləşən Səudiyyə Ərəbistanı Baş Konsulluğuna rəhbər təyin edilib.
Məlumata görə, o, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın iştirakı ilə keçirilən mərasimdə and içib.
Vəfa əl-Mərzukinin Hyustona baş konsul təyin olunması ölkənin diplomatik tarixində mühüm hadisə hesab edilir. Belə ki, Səudiyyə Ərəbistanında ilk dəfə bir qadın bu vəzifəyə gətirilib.
Bu təyinat son illərdə qadınların dövlət idarəçiliyi və diplomatik xidmət sahəsində rolunun genişlənməsi istiqamətində həyata keçirilən dəyişikliklərin davamı kimi qiymətləndirilir.
Qeyd edək ki, Hyuston ABŞ-da enerji və iqtisadi əlaqələr baxımından əhəmiyyətli şəhərlərdən biri hesab olunur və burada fəaliyyət göstərən baş konsulluq Səudiyyə Ərəbistanının mühüm diplomatik nümayəndəliklərindən biridir.







