Son dəqiqə

ABŞ ABŞ Hərbi Dəniz Qüvvələri Pit Heqset Abraham Linkoln Riçard Blumental Han Kao təyyarədaşıyan gəmi

Pit Heqset “Abraham Linkoln” gəmisindəki ağır şəraitlə bağlı məlumatları təkzib edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin müdafiə naziri Pit Heqset Yaxın Şərqdə yerləşdirilən “Abraham Linkoln” təyyarədaşıyan gəmisində hərbçilərin ağır şəraitdə xidmət etməsi ilə bağlı yayılan məlumatların həqiqəti düzgün əks etdirmədiyini bildirib. Nazir gəminin heyətinin zəruri ehtiyaclarının təmin edilməsi üçün bütün imkanlardan istifadə olunduğunu vurğulayıb.

TurkicWorld xəbər verir ki, Pit Heqset Panamaya səfəri zamanı jurnalistlərə açıqlamasında hər bir gəminin, heyətin və gəmi komandirinin mümkün olan bütün vasitələrlə təmin edilməsinə çalışıldığını deyib. O, bəzi hərbi xidmət müddətlərinin digərlərindən daha uzun çəkdiyini etiraf edib.

Heqset uzun müddət açıq dənizdə xidmət edən ABŞ dənizçilərinin fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, hərbçilər çətin şəraitdə, limanlara daha az daxil olmaq imkanı ilə və uzun müddət dənizdə qalaraq vəzifələrini yerinə yetirirlər.

Məsələ ABŞ senatoru Riçard Blumentalın təyyarədaşıyan gəmidəki vəziyyətlə bağlı Müdafiə Nazirliyindən açıqlama tələb etməsindən sonra gündəmə gəlib. Senator Hegsetə və Hərbi Dəniz Qüvvələri nazirinin vəzifəsini icra edən Han Kaoya müraciət edərək gəmidəki şəraitlə bağlı sualların cavablandırılmasını istəyib.

“Abraham Linkoln” təyyarədaşıyan gəmisinin 250 gündən artıqdır dənizdə olduğu bildirilir. Blumentalın sözlərinə görə, gəmidə əsas tələbat mallarının çatışmazlığı, içməli suyun çirklənməsi, su və kanalizasiya sistemində nasazlıqlar, eləcə də göyərtədə təhlükəsizliklə bağlı problemlər barədə çoxsaylı məlumatlar yayılıb.

Senator, həmçinin uzunmüddətli xidmətin hərbçilərin ruh halına mənfi təsiri ilə bağlı narahatlıqların olduğunu bildirib. Onun sözlərinə görə, poçt xidmətindəki fasilələr səbəbindən gəmi heyətinə göndərilən bağlamaların bir hissəsi aylarla ünvana çatmayıb və bəziləri yolda itib.

Hegset isə bu məlumatların təhrif olunduğunu bildirərək ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmi heyətinin ehtiyaclarını mümkün qədər tam təmin etdiyini vurğulayıb.

Mövzuya görə xəbərlər