BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, “Hizbullah” tərksilah edilməyənə və təşkilatın bütün Livan ərazisində yaratdığı təhlükə aradan qaldırılmayana qədər İsrail ordusu Livanın cənubundakı nəzarət etdiyi ərazilərdən geri çəkilməyəcək. Kats ordunun həmin ərazilərdə uzun müddət qalmağa hazırlaşması barədə göstəriş verdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, İsrael Kats bu açıqlamanı işğal altındakı İordan çayının qərb sahilində İsrail yaşayış məntəqəsinin salınması ilə bağlı keçirilən mərasimdə verib. Nazir bildirib ki, qarşıya qoyulan məqsəd tam həyata keçirilənədək hərbçilərin və yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün ordunun bölgədə uzunmüddətli mövcudluğuna hazırlıq görülür.
Katsın açıqlaması İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağı və HƏMAS-la bağlı mövqeyi ilə oxşarlıq təşkil edir. Netanyahu ABŞ-nin irəli sürdüyü son Qəzza planını qəbul etmədiyini və HƏMAS tam tərksilah olunmadan İsrail qüvvələrinin geri çəkilməyəcəyini bildirib.
ABŞ Prezidenti Donald Tramp iyulun 30-da HƏMAS-ın tam tərksilah edilməsi ilə bağlı razılıq əldə olunduğunu açıqlamışdı. Plana əsasən, tərksilah prosesi mərhələli şəkildə həyata keçirilməli, bununla paralel olaraq İsrail qüvvələri Qəzza zolağından tədricən çıxmalı və bölgədə beynəlxalq sabitləşdirici qüvvələr yerləşdirilməlidir.
Netanyahu isə İsrail qüvvələrinin geri çəkilməsinə başlanmazdan əvvəl HƏMAS-ın tamamilə tərksilah edilməsini tələb edir. Bu mövqe ABŞ-nin təklif etdiyi mərhələli geri çəkilmə və tərksilah qaydası ilə fikir ayrılığı yaradıb.
Livanda da oxşar fikir ayrılığı mövcuddur. İsrail “Hizbullah”ın tərksilahını geri çəkilmənin əsas şərti kimi irəli sürür, təşkilat isə İsrail qüvvələri Livan ərazisindən çıxmadan tərksilah məsələsinin müzakirəsini qəbul etmir.
Katsın açıqlaması İsraildə oktyabrın 27-nə nəzərdə tutulan seçkilər ərəfəsində səsləndirilib. Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası seçkiqabağı dövrdə təhlükəsizlik məsələlərini əsas siyasi mövzulardan biri kimi ön plana çıxarır.






