BAKI,TurkicWorld,Yusif Şərifzadə
Hörmüz boğazından keçən gəmilərin sayı həftəsonu kəskin şəkildə azalıb. Dəniz nəqliyyatını izləyən "MaritimeTraffic" xidmətinin məlumatına görə, strateji su yolunda hərəkət əvvəlki günlərlə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib.
TurkicWorld xəbər verir ki, izləmə məlumatlarına əsasən, Hörmüz boğazından keçidlərin sayı cümə günü 15 olduğu halda, şənbə günü 11-ə, bazar günü isə 6-ya düşüb.
Məlumata görə, ümumilikdə 17 gəmi İranın birtərəfli müəyyən etdiyi marşrutdan istifadə edib. Daha 10 gəminin isə "müəyyən edilməmiş" marşrut üzrə hərəkət etdiyi göstərilib.
Hörmüz boğazında gəmi hərəkətinin azalması bölgədə dəniz nəqliyyatı ilə bağlı təhlükəsizlik narahatlıqlarının artdığı bir dövrə təsadüf edir.
Müqayisə üçün, Qırmızı dənizi Hind okeanı ilə birləşdirən Bab əl-Məndəb boğazında eyni dövrdə daha intensiv gəmi hərəkəti qeydə alınıb.
Həmin su yolundan göstərilən müddət ərzində 116 gəminin keçdiyi bildirilib.
Hörmüz boğazı qlobal enerji daşımaları baxımından ən mühüm dəniz keçidlərindən biri hesab olunur və burada baş verən hər hansı məhdudiyyət dünya enerji bazarlarına təsir göstərə bilər.







