BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Omanla Hörmüz boğazı ilə bağlı danışıqların rəvan davam etdiyini bildirib, lakin bəzi qüvvələrin razılaşmaya mane olmağa çalışdığını iddia edib.
TurkicWorld xəbər verir ki, İsmayıl Bəqai İranın dövlət televiziyası olan İRİB-də yayımlanan çıxışında Omanla aparılan danışıqların müsbət istiqamətdə getdiyini açıqlayıb.
İran rəsmisi bildirib ki, Omanla anlaşmanın əldə olunması ehtimalı yüksəkdir və belə bir razılaşma danışıqlar prosesində mühüm mərhələ olacaq.
Bəqai razılaşmaya mane olmağa çalışan tərəflərin kim olduğunu açıqlamayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin ABŞ-nin Hörmüz boğazındakı davam edən "düşmənçilik hərəkətlərinin" bu su yolunu təhlükəli vəziyyətə gətirdiyini bildirib.
Onun sözlərinə görə, Tehran ABŞ-nin dəniz mühasirəsini İrana qarşı təcavüz aktı kimi qiymətləndirir.
İran və Oman arasında Hörmüz boğazında gəmiçilik qaydaları və təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar beynəlxalq diqqət mərkəzindədir.







