Son dəqiqə

İran Tehran Oman Enerji təhlükəsizliyi Hörmüz boğazı Körfəz dəniz nəqliyyatı Gəmiçilik İslam İnqilabı Keşikçiləri Korpusu

Hörmüz boğazının yenidən açılması avtomatik deyil, şərtlərdən asılıdır - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Hörmüz boğazının yenidən açılmasının avtomatik baş verməyəcəyini və bunun müəyyən şərtlərin yerinə yetirilməsindən asılı olduğunu bildirib. Tehran strateji su yolunda əvvəlki vəziyyətə qayıdılmayacağını vurğulayaraq boğaz üzərində nəzarət imkanlarını gücləndirməyə çalışır.

TurkicWorld xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü və ölkənin xarici işlər naziri Hörmüz boğazının gələcək fəaliyyəti ilə bağlı mühüm açıqlamalar veriblər.

İran tərəfinin mövqeyinə görə, Hörmüz boğazının yenidən açılması şərtlidir və Omanla razılaşmanın əldə olunması boğazın avtomatik şəkildə əvvəlki qaydada fəaliyyətə başlaması demək deyil.

Tehran, həmçinin gəmilərin Hörmüz boğazından keçməsi üçün indiyədək istifadə edilən mövcud hərəkət yolunu qəbul etmədiyini bildirib. İran tərəfi bundan sonra gəmilərin keçidi üçün yeni yolun müəyyənləşdiriləcəyini açıqlayıb.

Məlumata görə, yeni keçid yolunun coğrafi göstəriciləri İran və Oman arasında razılaşdırılıb. Tehran bu məsələnin yalnız iki ölkə arasında həll edilməli olduğunu bildirərək üçüncü tərəflərin prosesə müdaxiləsini qəti şəkildə rədd edir.

İran Hörmüz boğazına yalnız beynəlxalq ticarət və enerji daşımalarının həyata keçirildiyi su yolu kimi yanaşmadığını da nümayiş etdirir. Tehran boğazı strateji təsir və təzyiq imkanlarının mühüm vasitələrindən biri hesab edir.

İranın mövqeyinə əsasən, müharibədən əvvəl Hörmüz boğazında mövcud olan keçid qaydalarının olduğu kimi bərpa edilməsi nəzərdə tutulmur və gələcək gəmiçilik qaydalarının yeni şərtlər əsasında müəyyənləşdirilməsi planlaşdırılır.

Mövzuya görə xəbərlər