BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın məşhur geyim istehsalçısı Levi Strauss kibertəhlükəsizlik insidenti ilə üzləşdiyini və şirkətin sistemlərinə sosial mühəndislik hücumu nəticəsində icazəsiz giriş əldə edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənəddə bildirilib ki, hücum üç əməkdaşın hədəfə alınması nəticəsində həyata keçirilib.
İlkin araşdırmanın nəticələrinə görə, hücum zamanı şirkətə məxsus müəyyən korporativ məlumatlara giriş əldə olunub və həmin məlumatların bir hissəsi sistemdən çıxarılıb.
Levi Strauss hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və insidentlə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
Şirkət bildirib ki, kiberhücum biznes fəaliyyətinə təsir göstərməyib və hazırkı qiymətləndirməyə əsasən, hadisənin əməliyyatlara və maliyyə nəticələrinə ciddi təsir göstərəcəyi gözlənilmir.
Reuters-in nəzərdən keçirdiyi Google və internet kəşfiyyatı məlumatlarına görə, son bir ay ərzində telefon zəngləri vasitəsilə həyata keçirilən sosial mühəndislik hücumları ilə fidyə tələb edən haker qrupları ABŞ-ın onlarla iri maliyyə qurumunu və digər şirkətləri hədəfə alıb.
Məlumata əsasən, son beş həftədə 200-dən çox şirkət, o cümlədən Levi Strauss üçün saxta rəqəmsal tələlər hazırlanıb.





