BAKI,TurkicWorld,Yusif Şərifzadə
İşğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin vilayətində israilli məskunlaşmaçılar bir neçə yaşayış məntəqəsində təxribat xarakterli reydlər həyata keçiriblər.
TurkicWorld xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, məskunlaşmaçılar yolları bağlayıb, kəndlərə daxil olub və əsas avtomobil yollarında toplaşıblar.
Məlumata əsasən, məskunlaşmaçılar Cenin şəhərinin şərqində yerləşən Cəlbun kəndinə basqın ediblər.
Bununla yanaşı, Cenin şəhərinin şərqindən keçən magistral yolda çox sayda məskunlaşmaçının toplandığı, onların avtomobilləri təqib etdiyi və nəticədə fələstinlilərin hərəkətinə maneələr yaratdığı bildirilib.
WAFA-nın məlumatına görə, bu hadisələr bölgədə gərginliyin artmasına səbəb olub.
Həmçinin səhər saatlarında israilli məskunlaşmaçılar Burqin bələdiyyə parkına da daxil olublar.
İsrail tərəfi hadisələrlə bağlı hələlik rəsmi açıqlama verməyib.






