BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın dövlət televiziyası IRIB Omanla Hörmüz boğazında gələcək gəmiçilik qaydalarına dair mümkün razılaşmanın strateji su yolunun dərhal açılması anlamına gəlmədiyini bildirib.
TurkicWorld xəbər verir ki, IRIB məlumatlı mənbəyə istinadən yazıb ki, Hörmüz boğazında gələcək gəmiçilik mexanizmləri ilə bağlı danışıqlar yalnız Tehran və Maskat arasında aparılır və bu prosesin ABŞ ilə heç bir əlaqəsi yoxdur.
Mənbənin sözlərinə görə, İran və Oman arasında əldə oluna biləcək mümkün razılaşma boğazın dərhal açılmasını nəzərdə tutmur.
Bildirilib ki, Tehranın "ABŞ-nin pozuntuları" adlandırdığı halların davam etdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq.
Mənbə vurğulayıb ki, Hörmüz boğazının yenidən açılması ABŞ-nin davranışını dəyişməsindən və İranın iddia etdiyi pozuntuların aradan qaldırılmasından asılıdır.
Bu açıqlama İran mediasında Tehranın ABŞ-nin danışıqlara müdaxilə etməyəcəyi təqdirdə Omanla yeni gəmiçilik dəhlizi üzrə razılaşmaya yaxın olduğu barədə yayılan xəbərlərdən sonra səsləndirilib.
İran rəsmiləri daha əvvəl də Vaşinqtonu hərbi təhdidlər vasitəsilə danışıqlara təsir göstərməyə və razılaşmanın əldə olunmasını ləngitməyə çalışmaqda ittiham ediblər.







