BAKI,TurkicWorld,Yusif Şərifzadə
Media araşdırmaları üzrə professor Məhəmməd Əlmasri hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı yeni yol xəritəsini açıqlaması qarşıdan gələn aralıq seçkiləri öncəsi siyasi mövqeyini gücləndirmək məqsədi daşıyır.
TurkicWorld xəbər verir ki, Doha Ali Araşdırmalar İnstitutunun professoru Məhəmməd Əlmasri bildirib ki, Donald Trampın bu açıqlaması ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkilər ərəfəsində səsləndirilib. Onun sözlərinə görə, Trampın hazırkı ictimai dəstək səviyyəsi təxminən 32 faizdir.
Əlmasri iddia edib ki, Tramp bu səs-küylü açıqlama ilə siyasi mövqeyini yaxşılaşdırmağa çalışır.
Analitik bildirib ki, Tramp administrasiyasının xarici siyasət kursunun Respublikaçılar Partiyasının seçkilərdəki nəticələrinə necə təsir göstərəcəyi hələlik məlum deyil.
Məhəmməd Əlmasrinin fikrincə, İsrailin Baş naziri Benyamin Netanyahu da mürəkkəb siyasi vəziyyətlə üz-üzədir. O qeyd edib ki, Netanyahu bir tərəfdən ABŞ-a sadiqliyini nümayiş etdirməli, digər tərəfdən isə Qəzzadan çıxmağı nəzərdə tutan hər hansı razılaşmaya qarşı çıxan sağçı siyasi qüvvələrin təzyiqini nəzərə almalıdır.
Professor əlavə edib ki, İsrail son dövrlərdə ərəb ölkələri, Hindistan və digər dövlətlərlə yeni tərəfdaşlıqlar qurmağa çalışır. O həmçinin bildirib ki, Benyamin Netanyahu oktyabrın 27-nə təyin olunmuş parlament seçkiləri öncəsi mühüm seçki kampaniyasına başlayıb.







