BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran ABŞ və Səudiyyə Ərəbistanının İraqda yeddi bölgəyə endirdiyi zərbələri ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı açıq təcavüz kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda hücumların beynəlxalq hüququn kobud şəkildə pozulması olduğu bildirilib. Tehran iddia edir ki, bu əməliyyatlar ABŞ və İsrailin regionda müharibənin miqyasını genişləndirmək məqsədlərinə xidmət edir.
Bəyanatda qeyd olunub ki, hücumlar nəticəsində həyatını itirən iraqlılarla bağlı İran hökuməti başsağlığı verir və İraq hökuməti ilə xalqına tam dəstəyini ifadə edir.
İran Xarici İşlər Nazirliyi ABŞ-ni və onun regiondakı müttəfiqlərini bu hücumların "cinayətkar, qeyri-insani və təxribat xarakterli" nəticələrinə görə məsuliyyət daşımaqda ittiham edib.
ABŞ, Səudiyyə Ərəbistanı və İsrail tərəfi İranın ittihamlarına hələlik rəsmi münasibət bildirməyib. Məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.







