BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların dərin mərhələdə olduğunu bildirib və diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə Vaşinqtonun yenidən hərbi əməliyyatlara başlaya biləcəyini istisna etməyib.
TurkicWorld xəbər verir ki, Donald Tramp Axios nəşrinə müsahibəsində ABŞ ilə İran arasında "çox dərin danışıqlar" aparıldığını deyib. Onun sözlərinə görə, əgər bu proses uğursuz olarsa, ABŞ "çox güclü hərbi əməliyyatlara" qayıdacaq.
Tramp bildirib ki, cümə günü hücumların dayandırılması ABŞ və İran arasında qarşıdurmaya son qoymağa çalışan vasitəçi ölkələrin müraciəti əsasında baş verib. O, "İranla işləyən bütün tərəflər mənə 'atəş açmayın' dedilər" ifadəsini işlədib.
ABŞ Prezidenti diplomatiyaya nə qədər vaxt ayırmağa hazır olduğu sualına isə "Çox vaxt yox. Ya tez nəticə əldə olunacaq, ya da ümumiyyətlə olmayacaq" cavabını verib.
İran tərəfi Trampın bu açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib.







