BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Folker Türk Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında davam edən qarşıdurmada iştirak edən tərəfləri Hörmüz boğazında çıxılmaz vəziyyətdə qalan təxminən 6 min dənizçinin təhlükəsiz şəkildə təxliyəsinə və öz ölkələrinə qaytarılmasına kömək etməyə çağırıb.
TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarının sözçüsü Şabia Mantu Cenevrədə jurnalistlərə açıqlamasında bildirib ki, münaqişə tərəfləri dənizçilərin təhlükəsiz şəkildə ərazidən çıxmasına, gəmilərdən enməsinə və həyati əhəmiyyət daşıyan təchizatın çatdırılmasına təcili şərait yaratmalıdır.
Sözçünün ifadəsinə görə, münaqişənin yaratdığı təhlükəsizlik riski səbəbindən Hörmüz boğazında çox sayda dənizçi uzun müddətdir gəmilərdə qalmağa məcbur olub.
BMT hesab edir ki, bölgədə fəaliyyət göstərən mülki dənizçilərin təhlükəsizliyi beynəlxalq humanitar hüququn əsas tələblərindən biridir və onların həyatının qorunması üçün bütün tərəflər üzərinə məsuliyyət düşür.
Hələlik münaqişə tərəfləri BMT-nin çağırışına münasibət bildirməyiblər.







