Son dəqiqə

Fələstin Qəzza HƏMAS Husilər Yəhya Sinvar Xalid Məşəl Xəlil əl-Həyya Yusuf əl-Mədəni

Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Husi hərəkatının hərbi rəhbərlərindən Yusuf əl-Mədəni HƏMAS-ın yeni rəhbəri seçilən Xəlil əl-Həyyanı təbrik edərək, bu seçimin təşkilatın mübarizəsinin davamlılığını əks etdirdiyini bildirib.

TurkicWorld xəbər verir ki, Yusuf əl-Mədəni yaydığı bəyanatda Xəlil əl-Həyyanın belə mühüm və tarixi bir dövrdə rəhbər seçilməsinin HƏMAS rəhbərliyinin möhkəmliyini və təşkilatın mübarizə əzmini nümayiş etdirdiyini iddia edib.

O bildirib ki, Fələstin məsələsi və Qəzza zolağında baş verən hadisələr husilər üçün əsas prioritet olaraq qalır və bu mövzuda heç bir güzəştə gedilməyəcək.

Yusuf əl-Mədəni əlavə edib ki, husilər Qəzza zolağına qarşı yeni hərbi əməliyyatların başlanmasına imkan verməyəcəklər.

Onun sözlərinə görə, əgər İsrail Qəzzaya qarşı yenidən hərbi əməliyyatlara başlasa, husilər dərhal hərbi fəaliyyətlərini yenidən genişləndirməyə hazırdırlar.

Xatırladaq ki, HƏMAS bazar ertəsi yaydığı açıqlamada Xəlil əl-Həyyanın təşkilatın yeni rəhbəri seçildiyini bildirib. O, 2024-cü ilin oktyabrında İsrail qüvvələri ilə döyüşlər zamanı həlak olmuş Yəhya Sinvarı əvəz edib.

HƏMAS-ın məlumatına görə, Xəlil əl-Həyya təşkilat daxilində keçirilən səsvermənin ikinci mərhələsində keçmiş siyasi büro rəhbəri Xalid Məşəli üstələyərək rəhbər seçilib.

Mövzuya görə xəbərlər