BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların növbəti mərhələsi avqustun 4-də İtaliyada keçiriləcək.
TurkicWorld xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani parlamentdə çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, görüş ABŞ-nin vasitəçiliyi ilə təşkil olunacaq və tərəflər arasında davam edən dialoqun növbəti mərhələsini təşkil edəcək.
Nazirin açıqlaması ötən həftə Romanın ev sahibliyi etdiyi İsrail–Livan danışıqlarından sonra səsləndirilib.
Rəsmi məlumatda avqustun 4-də keçiriləcək görüşün gündəliyi barədə ətraflı məlumat verilməsə də, danışıqların iki ölkə arasında mövcud gərginliyin azaldılması və təhlükəsizlik məsələlərinin müzakirəsinə yönələcəyi gözlənilir.
ABŞ son aylarda İsrail və Livan arasında vasitəçilik səylərini gücləndirib. Vaşinqton bölgədə hərbi eskalasiyanın qarşısını almaq və diplomatik həll yollarını təşviq etmək məqsədilə tərəflərlə intensiv təmaslarını davam etdirir.
İsrail və Livan arasında sərhəd təhlükəsizliyi, atəşkəs rejimi və regional sabitlik məsələləri hazırda əsas müzakirə mövzuları sırasında yer alır.







