BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hər hansı hücumuna sərt hərbi cavab veriləcəyini bəyan edib.
TurkicWorld xəbər verir ki, Tramp özünün Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran Hörmüz boğazında hər hansı gəmiyə raket, pilotsuz uçuş aparatı və ya başqa vasitə ilə zərbə endirərsə, ABŞ cavab olaraq İran ərazisində bir körpünü və ya elektrik stansiyasını vuracaq.
ABŞ Prezidenti qeyd edib ki, bu tədbirlər paytaxt Tehranın daxilində və ya onun yaxınlığında yerləşən infrastruktur obyektlərini də əhatə edə bilər.
Tramp paylaşımında bildirib: "Bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı gəmiyə raket, pilotsuz uçuş aparatı və ya digər silahla hücum edərsə, ABŞ İranın bir körpüsünü və ya elektrik stansiyasını, o cümlədən Tehran şəhərində və ya onun yaxınlığında yerləşən obyektləri bombalayacaq və məhv edəcək."
Bu bəyanat ABŞ ilə İran arasında davam edən gərginliyin daha da artdığı bir dövrdə səsləndirilib. Son günlər Hörmüz boğazında hərbi fəaliyyətin intensivləşməsi və qarşılıqlı ittihamlar regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb.
İran tərəfi Trampın son bəyanatına hələlik rəsmi münasibət bildirməyib.







