BAKI,TurkicWorld,Yusif Şərifzadə
İşğal altındakı İordan çayının qərb sahilində yerləşən Raba şəhərində israilli məskunlaşanların hücumu nəticəsində üç nəfərin yaralandığı bildirilir. Hadisə Cenin şəhərinin şərqində baş verib.
TurkicWorld xəbər verir ki, Fələstinin rəsmi “Vafa” xəbər agentliyinin məlumatına görə, bir qrup israilli məskunlaşan Cenin yaxınlığındakı Raba şəhərində yaşayış evinə hücum edib. Hücum nəticəsində Yasin Həsən Silavi və onun iki oğlunun ağır döyüldüyü bildirilib.
Raba kənd şurasının rəhbəri Qassan Bəzur bildirib ki, hücumu həyata keçirən şəxslər Cəbəl əs-Sələmi bölgəsindəki qeyri-qanuni məntəqələrdən birindən gəliblər.
Onun sözlərinə görə, məskunlaşanlar Silavinin təsərrüfatından qoyunları oğurlamağa cəhd ediblər. Hadisə zamanı baş verən qarşıdurmada üç nəfər yaralanıb.
Bəzur bildirib ki, Raba şəhəri uzun müddətdir məskunlaşanların hücumlarına məruz qalır. O, bölgədə təhlükəsizlik vəziyyətinin pisləşdiyini qeyd edib.
İsrail tərəfi hadisə ilə bağlı hələlik açıqlama verməyib.






