BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın Süni İntellekt Standartları və İnnovasiya Mərkəzinin direktoru Kris Fall vəzifəsindən istefa verib. Onun gedişi Donald Tramp administrasiyasının süni intellekt siyasətində növbəti dəyişiklik kimi qiymətləndirilir.
TurkicWorld xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin nümayəndəsinin Reuters agentliyinə verdiyi məlumata görə, Kris Fall federal süni intellekt sınaq institutuna rəhbər təyin olunmasından cəmi üç ay sonra vəzifəsini tərk edib. Nazirlik Fallın istefasının səbəbini açıqlamayıb.
Məlumata əsasən, Ticarət Nazirliyinin süni intellekt sınaq institutuna nəzarət edən Arvind Raman müvəqqəti olaraq Fallın vəzifəsini icra edəcək. Raman daha əvvəl Purdue Universitetində mühəndislik fakültəsinin dekanı vəzifəsində çalışıb.
ABŞ Prezidenti Donald Trampın nümayəndələri Fallın istefası ilə bağlı şərh verməyib. Reuters isə Kris Fall ilə əlaqə saxlamağa çalışsa da, ondan açıqlama ala bilməyib.
Fallın gedişi Tramp administrasiyasının süni intellektə yanaşmasında baş verən son dəyişikliklərdən biri hesab olunur. Tramp 2025-ci ildə hakimiyyətə qayıtdıqdan sonra texnologiya sektoruna daha az müdaxilə tərəfdarı olduğunu bildirmişdi. Lakin sonradan administrasiyanın süni intellekt sahəsində nəzarət və təhlükəsizlik məsələlərinə daha fəal yanaşdığı qeyd olunur.
ABŞ-ın süni intellekt sınaq institutu qabaqcıl texnologiyaların təhlükəsizlik risklərini araşdırmaq məqsədi daşıyır. Qurum “Anthropic”, “Google DeepMind” və “OpenAI” kimi aparıcı süni intellekt şirkətləri ilə əməkdaşlıq edərək yeni modellərin mümkün zəif tərəflərini yoxlayır.
İnstitutun əsas məqsədlərindən biri ABŞ rəqiblərinin süni intellektdən kimyəvi və bioloji silahların hazırlanması üçün istifadə imkanlarını məhdudlaşdırmaq, həmçinin süni intellekt modellərinin təlim məlumatlarının təhlükəsizliyini təmin etməkdir.







