BAKI,TurkicWorld,Yusif Şərifzadə
Fransanın xarici işlər naziri Jan-Noel Baro İranın paytaxtı Tehranda Fransa səfirliyinin iki əməkdaşının bir neçə saat saxlanılmasına görə narazılığını bildirib və bunun nəticələrinin olacağını xəbərdar edib.
TurkicWorld xəbər verir ki, Jan-Noel Baro sosial şəbəkədəki paylaşımında İran təhlükəsizlik qüvvələrinin iki Fransa səfirliyi əməkdaşına qarşı “son dərəcə ciddi təzyiq və qorxutma addımı” atdığını bildirib. O, bu hərəkətin diplomatik toxunulmazlıq qaydalarının açıq şəkildə pozulması olduğunu qeyd edib.
Fransalı nazir bildirib ki, məsələ ilə bağlı İran tərəfinə etirazını çatdırıb. Onun sözlərinə görə, Fransa diplomatlarının toxunulmazlığının pozulması “qəbuledilməz və ciddi” haldır və cavabsız qalmayacaq.
İran tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Saxlanmanın səbəbləri və əməkdaşların hansı şəraitdə azad edildiyi barədə əlavə məlumat açıqlanmayıb.
Hadisə Fransa-İran münasibətlərində gərginliyin artdığı bir dövrə təsadüf edir. Son aylarda Tehranla Avropa ölkələri arasında diplomatik və təhlükəsizlik məsələləri üzrə fikir ayrılıqları dərinləşib.







