BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilinin Əl-Xəlil vilayətində keçirdiyi əməliyyat zamanı azı 10 fələstinlini, o cümlədən yaşlı bir kişini saxlayıb.
TurkicWorld xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi bu barədə məlumat yayıb. Bildirilir ki, İsrail hərbçiləri səhər saatlarında Əl-Xəlil vilayətində bir sıra yaşayış məntəqələrinə daxil olaraq evlərdə axtarış aparıb və bir neçə nəfəri saxlayıb.
Məlumata görə, saxlanılanlar arasında yaşlı İbrahim İsmayıl Əl-Cabur və onun oğlu Ənəs Əl-Cabur da var. Onların Yətta şəhərinin şərqində yerləşən Xirbət Həvarə kəndindəki evlərində saxlanıldıqları bildirilir.
İddialara əsasən, ata və oğul yaşayış məntəqəsi yaxınlığında mal-qaralarını otaran qanunsuz yəhudi məskunlaşmaçılarına etiraz etdikdən sonra saxlanılıblar.
Bununla yanaşı, İsrail ordusu Əl-Xəlil şəhərinin, eləcə də ətraf qəsəbə və kəndlərin girişlərində çoxsaylı hərbi nəzarət məntəqələri qurub.
Hərbçilərin bir sıra əsas və ikinci dərəcəli yolları bağladığı, bölgədə hərəkətin məhdudlaşdırıldığı bildirilir.







