Son dəqiqə

İran Bəhreyn Körfəz ölkələri Hava hücumundan müdafiə Regional Təhlükəsizlik hava limanları

Körfəz ölkələri strateji obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Körfəz ölkələri strateji əhəmiyyət daşıyan obyektlərin mühafizəsini gücləndirir.

TurkicWorld xəbər verir ki, bölgə ölkələri mümkün risklərə hazır olmaq məqsədilə hava hücumundan müdafiə imkanlarını genişləndirir, ordunun döyüş hazırlığını artırır və mühüm infrastruktur obyektlərində təhlükəsizlik tədbirlərini sərtləşdirirlər.

Məlumata görə, neft və qaz müəssisələri, hava limanları, dəniz suyunun şirinləşdirilməsi qurğuları və digər həyati əhəmiyyətli obyektlər xüsusi nəzarətə götürülüb.

Bəhreyn hakimiyyəti bu gün İran istiqamətindən buraxıldığı bildirilən çoxsaylı pilotsuz uçuş aparatının və raketin zərərsizləşdirildiyini açıqlayıb.

Bölgənin digər ölkələri də oxşar təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini bildirirlər.

Bununla yanaşı, ekspertlər hesab edirlər ki, hava hücumundan müdafiə sistemlərinin imkanları məhduddur və genişmiqyaslı qarşıdurma baş verərsə, strateji infrastruktur ciddi zərər görə bilər.

Belə bir vəziyyətin həm regional təhlükəsizliyə, həm də dünya iqtisadiyyatına mənfi təsir göstərə biləcəyi vurğulanır.

Bu səbəbdən Körfəz ölkələri qarşıdurmada iştirak edən tərəfləri dialoqa cəlb etməyə və gərginliyin diplomatik yollarla aradan qaldırılmasına çalışırlar.

Mövzuya görə xəbərlər