BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın Meyn ştatında Demokratlar Partiyasının Senata namizədini müəyyənləşdirmək üçün keçiriləcək debatda səkkiz namizəd iştirak edəcək.
TurkicWorld xəbər verir ki, debatı təşkil edən Nyus Mərkəzi Meyn televiziya kanalı namizədlərin etirazlarından sonra əvvəlki qərarını dəyişərək elan olunmuş bütün namizədləri debatda iştirak etməyə dəvət edib.
Senata namizəd Den Kleban sosial şəbəkə hesabında paylaşdığı açıqlamada dəvəti qəbul etdiyini və digər namizədlərlə fikir mübadiləsi aparacağını bildirib.
Qərar xüsusilə Meyn Senatının keçmiş sədri Troy Ceksonun çağırışından sonra qəbul olunub. O, debatın bütün namizədlərin iştirakı ilə keçirilməsinin vacibliyini vurğulamışdı.
Televiziya kanalı əvvəlcə yalnız ötən ay keçirilmiş ilkin seçkilərdə azı 20 faiz səs toplamış namizədləri debatda iştirak üçün seçmişdi.
Demokratlar Partiyasından ümumilikdə doqquz namizəd noyabr ayında keçiriləcək seçkilərdə respublikaçı senator Syuzan Kollinzə qarşı mübarizə aparacaq vahid namizəd olmaq uğrunda yarışır.
Son qərara əsasən, sənədlərini vaxtında təqdim edən bütün namizədlər debatda iştirak edəcəklər. Lakin sənədlərini son tarixdən sonra təqdim edən Eşli Vebb debatda yer almayacaq.
Meyn ştatı ABŞ Senatında qüvvələr nisbətinin dəyişməsi baxımından demokratlar üçün strateji əhəmiyyət daşıyır. Hazırda Senatda respublikaçılar çoxluğa malikdir və demokratlar nəzarəti bərpa etmək üçün bu ştatda qələbəni vacib hesab edirlər.






