BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətər Xarici İşlər Nazirliyi Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliklərinə məxsus iki neft tankerinə qarşı həyata keçirilən hücumu pisləyib. Doha bu hadisəni beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında iki BƏƏ neft tankerinin Hörmüz boğazından keçdiyi zaman hücuma məruz qalması ilə bağlı narahatlıq ifadə olunub.
Nazirlik bildirib ki, bu hadisə beynəlxalq gəmiçilik təhlükəsizliyinin ciddi şəkildə pozulması, qlobal enerji təchizatına birbaşa təhdid və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Qətər tərəfi qeyd edib ki, bu cür qəbuledilməz hücumların davam etməsi regional təhlükəsizlik və sabitliyə təhlükə yaradır, həmçinin bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində səylərə zərbə vurur.
Açıqlamada Qətərin İranı regional təhlükəsizliyə zərər vuran fəaliyyətləri dərhal dayandırmağa, beynəlxalq gəmiçiliyin və qlobal enerji təchizatının təhlükəsizliyini riskə atmamağa çağırdığı bildirilib.
Doha həmçinin İranı beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə tam əməl etməyə, bu cür hücumların təkrarlanmaması üçün təcili tədbirlər görməyə çağırıb.
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi daha əvvəl açıqlamışdı ki, Hörmüz boğazında iki BƏƏ neft tankerinə İran istehsalı olan qanadlı raketlərlə zərbə endirilib. Hücum nəticəsində Hindistan vətəndaşı olan bir ekipaj üzvü həlak olub, səkkiz nəfər yaralanıb.







