BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ senatorları Donald Tramp administrasiyası ilə Rusiyaya qarşı yeni sanksiyalar paketinin irəlilədilməsi barədə razılığa gəldiklərini açıqlayıblar.
TurkicWorld xəbər verir ki, senatorlar Riçard Blumental, Lindsi Qrem, Cin Şahin və Rocer Uiker cümə günü yaydıqları bəyanatda yenilənmiş Rusiya sanksiyaları qanunvericiliyi üzrə razılaşmanın əldə olunduğunu bildiriblər.
Senatorlar qeyd ediblər ki, qanun layihəsinin yaxın zamanda ictimaiyyətə təqdim edilməsi gözlənilir və bu, Rusiya ilə bağlı daha sərt tədbirlərin tətbiqinə imkan verəcək.
Bəyanatda Rusiyanın Ukraynada mülki şəxslərə qarşı hücumlarını davam etdirdiyi iddia olunaraq, qanunverici və icraedici hakimiyyət orqanlarının Moskvanın müharibə imkanlarını məhdudlaşdırmaq üçün birgə fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.
Sənədin Rusiyanın enerji ixracından gəlir əldə edən ölkələrə, o cümlədən Rusiya nefti və qazını alan dövlətlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutduğu bildirilir.
Qanun layihəsi senator Lindsi Qrem tərəfindən həm respublikaçı, həm də demokrat həmkarları ilə birlikdə bir neçə ay ərzində hazırlanıb.
Vaşinqton bu addımı Rusiyanın Ukrayna ilə sülh razılaşmasına getməməsinə cavab kimi təqdim edir. Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.







