BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqının xarici işlər nazirləri İsrailin işğal olunmuş Fələstin ərazilərindəki məskənlərindən gələn məhsullara idxal qadağasının tətbiq edilməsini müzakirə edəcəklər.
TurkicWorld xəbər verir ki, AFP agentliyinin məlumatına görə, bəzi Aİ üzv ölkələrinin bu istiqamətdə tədbir görülməsi üçün artan təzyiqlərindən sonra məsələ Brüsseldə gündəmə gətiriləcək.
Diplomatlar bildiriblər ki, bazar ertəsi keçiriləcək müzakirələr zamanı konkret qərarın qəbul olunacağı gözlənilmir. Lakin görüş Aİ daxilində belə bir addımı dəstəkləyən kifayət qədər siyasi iradənin olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək.
Aİ-nin icraedici qurumu bu həftə İsrail məskənləri ilə ticarətin məhdudlaşdırılması üçün müxtəlif variantlar, o cümlədən idxal qadağası təklif edib.
Brüsseldə əsas mübahisə məsələlərindən biri belə qərarın qəbul edilməsi üçün bütün 27 üzv ölkənin razılığının tələb olunub-olunmayacağı və ya səs çoxluğunun kifayət edib-etməyəcəyidir.
İrlandiya, Niderland və İspaniya da daxil olmaqla bir sıra Aİ ölkələri artıq işğal olunmuş Fələstin ərazilərindəki İsrail məskənlərinə qarşı milli səviyyədə bəzi ticarət məhdudiyyətləri tətbiq ediblər.







