BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun bildirib ki, İsrail ilə ötən ay imzalanmış çərçivə razılaşması İsrailin Livan ərazisindəki mövcudluğunu qanuniləşdirmir və ölkənin suveren hüquqlarına zidd deyil.
TurkicWorld xəbər verir ki, Cozef Aun Milli Xəbər Agentliyinin yaydığı bəyanatında bildirib ki, razılaşmanın məqsədi Livan ordusunun ölkənin bütün ərazisində dövlət hakimiyyətini bərpa etməsinə şərait yaratmaqdır.
Onun sözlərinə görə, razılaşmada mərhələli icra mexanizmi nəzərdə tutulur. Bu çərçivədə Livan ordusu bütün ölkə ərazisində dövlətin suveren səlahiyyətlərini bərpa etməli, dövlətə tabe olmayan silahlı qrupların tərksilahı təsdiqləndikdən sonra isə İsrail qüvvələri Livanın cənubunda nəzarətdə saxladıqları ərazilərdən mərhələli şəkildə geri çəkilməlidirlər.
Prezident qeyd edib ki, "Hizbullah" danışıqlarda iştirak etməyib.
Cozef Aun vurğulayıb ki, İsrail qüvvələrinin geri çəkilməsindən sonra Livan ordusu ölkənin cənubunda təhlükəsizlik və sabitliyin tam təmin olunmasına görə məsuliyyəti öz üzərinə götürəcək.







