BAKI,TurkicWorld Orxan Qədirzadə
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani Livana səfəri çərçivəsində Tripoli şəhərində keçirdiyi görüşlər zamanı bildirib ki, bu səfər Suriya inqilabını dəstəkləyən insanlara ehtiramın ifadəsidir.
Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, əş-Şeybani Livanın şimal bölgəsinin müftisi Məhəmməd Tariq İmam, deputatlar, dini icmaların nümayəndələri, eləcə də iqtisadi və ictimai xadimlərlə görüş keçirib. Tərəflər iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığın inkişafını müzakirə ediblər.
Nazir Livana səfərini Tripoliyə ziyarətlə başa vurub. Bu, 2024-cü ilin dekabrında Bəşşar Əsəd hakimiyyətinin süqutundan sonra Suriyanın yüksək vəzifəli rəsmisinin şəhərə ilk səfəri olub.
Xalq tərəfindən qarşılanıb
Tripolidə yüzlərlə sakin şəhərin Dar əl-Fətva binası qarşısında toplaşaraq əş-Şeybanini alqışlarla qarşılayıb və Suriyanın yeni hökumətinə dəstək şüarları səsləndirib.
Əş-Şeybani göstərilən qonaqpərvərliyə görə şəhər sakinlərinə təşəkkür edərək bildirib:
"Bu səfər Suriya inqilabının yanında olan insanlara sədaqət və ehtiramın ifadəsidir. Onlara minnətdarlığımı və salamlarımı çatdırıram."
O əlavə edib ki, Tripolidə keçirilən görüş müxtəlif dini və ictimai təbəqələrin nümayəndələrini bir araya gətirib və tərəflər Suriya-Livan münasibətlərinin gələcək inkişafı ilə bağlı oxşar baxışlar nümayiş etdiriblər.
Livan rəsmiləri: Yeni mərhələ başlayır
Livan Baş nazirinin müavini Tariq Mitri səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.
Onun sözlərinə görə, Suriyanın yeni rəhbərliyi bütün Livan cəmiyyəti ilə münasibətləri inkişaf etdirmək niyyətindədir və ölkənin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalır.
Mitri həmçinin bildirib ki, əş-Şeybani keçmişdəki qarşıdurmaların arxada qaldığını nümayiş etdirərək gələcəyə və iki ölkənin ortaq maraqlarına diqqət yetirib.
Yüksək səviyyəli görüşlər keçirilib
Livan səfəri çərçivəsində əş-Şeybani Prezident Cozef Aun, parlament sədri Nəbih Berri və Baş nazir Nəvvaf Salam ilə də görüşüb.
Görüşlərdə iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət, mehriban qonşuluq və dövlətlərin suverenliyinə hörmət prinsipləri əsasında inkişaf etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni əməkdaşlıq mərhələsinin başlanması məsələləri müzakirə olunub.
Nazir həmçinin Livanın baş müftisi Əbdüllətif Dəryan, keçmiş Tərəqqipərvər Sosialist Partiyasının lideri Valid Cumbulat, Kətaib Partiyasının rəhbəri Sami Cəmayyıl, Livan Qüvvələri Partiyasının lideri Səmir Cəcə və kardinal Mar Beşarə Butros ər-Rai ilə də görüşlər keçirib.
Qeyd edək ki, əş-Şeybani bundan əvvəl 2025-ci ilin oktyabrında da rəsmi nümayəndə heyəti ilə Beyruta səfər etmişdi.







