BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanda fələstinli qaçqın ailəsində dünyaya gələn Səmər Kəbuli heç vaxt valideynlərinin vətənini görməsə də, ənənəvi fələstin tikmə sənəti vasitəsilə öz milli kimliyini qorumağa çalışır.
TurkicWorld xəbər verir ki, 48 yaşlı Səmər Kəbuli yeniyetməlik illərindən etibarən "tətriz" adlanan ənənəvi fələstin tikmə sənəti ilə məşğul olur. O, əvvəlcə bu sənəti gəlir əldə etmək məqsədilə öyrənsə də, sonradan bunu milli irsin yaşadılması vasitəsinə çevirib.
Səmər Kəbuli bildirib ki, hazırladığı hər bir tikmə nümunəsi fələstinlilərin dözümlülüyünü və varlığını dünyaya çatdıran bir mesajdır.
Onun sözlərinə görə, Qəzzada baş verən hadisələrə baxmayaraq, fələstinlilər öz kimliklərini və dəyərlərini qorumaqda davam edirlər.
Məlumata görə, 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə müşayiət olunan müharibə zamanı yüz minlərlə fələstinli doğma yurdlarından didərgin düşüb və ya oranı tərk etmək məcburiyyətində qalıb.
Həmin vaxtdan bəri İsrail onların geri qayıtmasına icazə verməyib.






