BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livandakı iki sünni siyasi qrup İsrail qoşunlarının ölkədən çıxarılmasını Hizbullahın silahsızlaşdırılması ilə əlaqələndirən Vaşinqton razılaşmasını kəskin şəkildə rədd edib.
TurkicWorld xəbər verir ki, "Əl-Ümmə" Hərəkatı və Müqavimətə Dəstək üzrə Sünni Qurumu Beyrutda keçirilən görüşdən sonra birgə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, İsrail qoşunlarının işğal olunmuş Livan ərazilərindən çıxarılmasının Hizbullahın silahsızlaşdırılması ilə əlaqələndirilməsi "bütün qırmızı xətlərin kobud şəkildə pozulması" deməkdir.
Qruplar razılaşmanı təhlükəsizlik məsələlərinin İsrail və ABŞ-nin irəli sürdüyü şərtlərə tabe etdirilməsi üçün hazırlanmış "qərəzli cəhd" kimi qiymətləndiriblər.
Onlar, həmçinin razılaşmada İsrailə təhlükəsizlik öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək və Livan ordusunun fəaliyyətini qiymətləndirmək imkanı verildiyini iddia edərək bu müddəaları da pisləyiblər.
Məlumata görə, sözügedən razılaşma Livanda fərqli reaksiyalar doğurub.
Razılaşmanı dəstəkləyənlər bunun ölkəni uzun illər davam edən müharibə vəziyyətindən çıxarmaq üçün imkan yarada biləcəyini bildirirlər.
Tənqidçilər isə sənədi İsrail və ABŞ-nin şərtləri qarşısında geri çəkilmə kimi qiymətləndirirlər.







