Son dəqiqə

Fransa İran Avropa İttifaqı ABŞ Rusiya Ukrayna Emmanuel Makron Livan Qəzza miqrasiya Hörmüz boğazı Sanksiyalar

Fransa Prezidenti miqrasiya siyasəti ilə bağlı mövqeyini açıqladı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı ölkələrində qanunsuz yaşayan şəxslər üçün üçüncü ölkələrdə geri qaytarma mərkəzlərinin yaradılmasını dəstəkləmədiyini bildirib.

TurkicWorld xəbər verir ki, Emmanuel Makron qanunsuz miqrantların öz ölkələrinə qaytarılması üçün daha səmərəli siyasətin tərəfdarı olduğunu desə də, bu məqsədlə üçüncü ölkələrdə xüsusi mərkəzlərin yaradılmasının düzgün yanaşma olmadığını vurğulayıb.

Fransa lideri qeyd edib ki, indiyədək üçüncü ölkələrdə yaradılmış belə mərkəzlərin uğurlu nəticə verdiyini görməyib. Onun sözlərinə görə, bu model nə kifayət qədər effektivdir, nə də Avropanın əsas prinsiplərinə uyğundur.

Makron eyni zamanda Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini bildirib. O vurğulayıb ki, Avropa İttifaqı Rusiyanın neft və təbii qaz sektoruna tətbiq olunan məhdudiyyətləri gücləndirməyə hazırlaşır və iyirmi birinci sanksiyalar paketinin tezliklə qəbulunu dəstəkləyir.

Fransa Prezidenti ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunu da müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu razılaşma Livan da daxil olmaqla bölgədə qarşıdurmaların dayandırılmasına, Hörmüz boğazının yenidən açılmasına və diplomatik danışıqların bərpasına imkan yarada bilər.

Makron bildirib ki, avropalılar bu razılaşmanın həyata keçirilməsinə töhfə verməyə hazırdırlar. O, həmçinin İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını dəstəklədiklərini vurğulayıb.

Fransa lideri əlavə edib ki, Avropa İttifaqı Livan dövlətinin və təhlükəsizlik qüvvələrinin gücləndirilməsi üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. O, Qəzza zolağındakı humanitar vəziyyətin isə qəbuledilməz olduğunu qeyd edib.

Mövzuya görə xəbərlər